“Hədəfi böyük olanların məzun günü” – Balabilgələrin unudulmaz buraxılış mərasimi keçirildi
“Hədəfi böyük olanların məzun günü” devizi altında təşkil olunan bu xüsusi əhəmiyyətli mərasim balabilgələrin uğurlarını qeyd etmək, onların yeni həyata qədəm qoyduqları bu önəmli anı birlikdə yaşamaq məqsədi daşıyırdı.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca şagirdlərin hazırladığı rəngarəng kompozisiyalar izləyicilərə təqdim olundu. Buraya oğlanların və qızların ifasında milli rəqs nömrələri, elmlərin vəhdətini və texnologiyanın sürətli inkişafını əks etdirən səhnəcik – dərslərdə dron və müasir texnologiyalardan istifadə imkanlarını göstərən təqdimat, vətən həsrətinə həsr olunmuş dramatik çıxış və “Oxumaq, ya oxumamaq” adlı maraqlı səhnə nömrəsi daxil idi.
Tədbirin rəsmi hissəsində çıxış edən Hədəf STEAM Liseyinin qurucu direktoru Şamil Sadıq balabilgələri təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladı və ənənəyə uyğun olaraq milli mantiya, papaq və plaketlərini təqdim etdi.
Tədbir zamanı yüksək nailiyyət göstərmiş məzunlar da səhnəyə dəvət edildi. Onlardan biri – buraxılış imtahanında 298 bal toplayaraq lisey tarixində ən yüksək nəticəni əldə etmiş, “Hədəf bilgəsi” seçilmiş Yaqubzadə Fatimə idi. Fatimənin təltifini təqdim etmək və onu təbrik etmək üçün YAŞAT Fondunun sədri Elvin Hüseynov tədbirə xüsusi qonaq qismində qatıldı və bilgə papağını təqdim edərək Fatiməyə gələcək həyatında uğurlar arzuladı.
Bundan əlavə, buraxılış imtahanında 297 bal toplayıb Hədəfin qəbul imtahanından 100 % güzəşt qazanan, müxtəlif olimpiada və sosial layihələrdə fəallığı ilə seçilən 9-cu sinif balabilgsi Abdulzadə Abbas da səhnəyə dəvət olundu, ictimai xadim Əkbər Əliyev balabilgəmizi təbrik edərək uğurlar arzuladı.
Tədbirdə iştirak edən dəyərli qonaqlar və liseyin valideynləri də balabilgələrə xoş arzularını çatdırdılar.
Rəsmi hissənin sonunda Balabilgə Andı səsləndirildi. Tədbirin bədii hissəsi isə şən və əyləncəli proqramla davam etdirildi.
Bu unudulmaz mərasim bir daha göstərdi ki, Hədəf STEAM Liseyi bilgələri yalnız elmi biliklərlə deyil, eyni zamanda şəxsiyyət və dəyərlərlə formalaşmasında, onların cəmiyyətə inamla hazırlıqlı şəkildə addımlamasında mühüm rol oynayır.