Zəfər Günü – Qürurumuzun təntənəsi!
Hədəf STEAM Liseyi Abşeron filialında xalqımızın şanlı tarixinə həsr olunmuş “Zəfər Günü – Qürurumuzun təntənəsi” adlı möhtəşəm və ruhlandırıcı tədbir keçirildi. Tədbir boyu balabilgələrimizin rəngarəng çıxışları – milli ruhu əks etdirən rəqslər, bir-birinə harmoniya qatan xor ifaları, ürəkdən səslənən şeirlər, səhnələşdirilmiş kompozisiyalar və təsirli final rəqsi tədbirə xüsusi coşqu və bayram ovqatı bəxş etdi.
Tədbirin sonunda isə artıq ənənəyə çevrilmiş Balabilgə Andı səsləndirildi. Balalarımızın qürur dolu səsi tədbirə rəmzi bir yekun vuraraq hər kəsdə dərin hisslər oyatdı.
Tədbirimizin dəyərli qonaqları sırasında Abşeron İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Hədəf liseylərinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov və Baş İdarənin digər nümayəndələri yer alırdı. Qonaqlarımız çıxış edən uşaqların istedadını, müəllimlərimizin zəhmətini və məktəb kollektivinin yaratdığı yüksək təşkilatçılığı xüsusi olaraq qiymətləndirdilər.
Valideynlərimizin səmimi rəyləri, uşaqlarımızın sevinc dolu baxışları və müəllimlərimizin qürurla dolan siması tədbirin ab-havasını daha da zənginləşdirdi. Bu gün bir daha şahid olduq ki, Zəfər Günümüz təkcə tarixi qələbənin deyil, həm də gələcək nəsillərə bəxş olunan bir qürur mirasının bayramıdır.
Zəfər Günümüz mübarək! Qoy qürurumuz daim yaşasın!