Hədəfi böyük olanların liseyi

“Okean Həyat Mənbəyidir” adlı maarifləndirici sərgi və tədbir uğurla keçirildi

İyun 09, 2025
“Okean Həyat Mənbəyidir” adlı maarifləndirici sərgi və tədbir uğurla keçirildi

“Okean Həyat Mənbəyidir” adlı maarifləndirici sərgi və tədbir uğurla keçirildi

Hədəf Liseyinin Nəsimi korpusu nəzdində fəaliyyət göstərən Cambridge School və Xarici Dillər kafedrasının birgə təşkilatçılığı ilə “Okean Həyat Mənbəyidir” adlı maarifləndirici sərgi və tədbir uğurla baş tutdu.

Tədbirin əsas məqsədi balabilgələrdə okeanların həyatımızdakı rolu, su ehtiyatlarının qorunması, ekoloji tarazlığın saxlanılması və davamlı inkişafa töhfə vermək mövzularında şüur formalaşdırmaq, eyni zamanda onların yaradıcılıq bacarıqlarını stimullaşdırmaq idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan edildi. Proqram rəsmi və bədii hissə olmaqla iki əsas bölmədən ibarət idi.

Rəsmi hissədə çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların Monitorinqi Şöbəsinin baş məsləhətçisi cənab Vasif Yəhyayev və SOCAR Petroleum QSC-nin SƏTƏM və Keyfiyyətə Nəzarət Şöbəsinin aparıcı mütəxəssisi Ülkər Hüseynbəyli tədbir iştirakçılarına mühüm və dolğun təqdimatlarla müraciət etdilər.

Spikerlər öz çıxışlarında su ehtiyatlarının səmərəli və davamlı idarə olunması, sənaye sahəsində keyfiyyətə nəzarətin əhəmiyyəti, eləcə də müasir dövrdə ekoloji məsuliyyətin cəmiyyət üçün vacibliyi kimi aktual və qlobal əhəmiyyət daşıyan mövzulara toxundular. Çıxışlar həm balabilgələr, həm də müəllim heyəti üçün maarifləndirici və düşündürücü məqamlarla yadda qaldı.

Tədbirin davamında balabilgələrimizin alman dilində təqdimatları nümayiş olundu. Bu çıxışlar şagirdlərin dillərarası bacarıqlarını və mövzuya nə qədər dərindən yanaşdıqlarını nümayiş etdirdi.

Bədii hissədə isə balabilgələrimizin hazırladığı rəngarəng çıxışlar – şeirlər, musiqi nömrələri, səhnəciklər və rəqslər tədbirə xüsusi rəng qatdı. Onların yaratdığı əsərlər vasitəsilə okeanların əhəmiyyəti bədii dillə ifadə olundu və tamaşaçılara güclü emosional təsir göstərdi.

Bu tədbir bir daha sübut etdi ki, ekoloji mövzular yalnız dərsliklərdə deyil, həm də yaradıcı və praktiki fəaliyyətlər vasitəsilə daha effektiv şəkildə öyrədilə bilər. Hədəf Liseyi olaraq biz, gələcək nəsillərə təbiəti sevdirərək onları ekoloji məsuliyyətə cəlb etməyə davam edirik.