Son günlər müxtəlif məktəblərdən və müəllimlərdən daxil olan şikayət və müraciətlər, yaranmış anlaşılmazlıqlar səbəbilə Hədəf Kursları məsələ ilə bağlı rəsmi mövqeyini ictimaiyyətə açıqlayıb:
RƏSMİ BƏYANAT
"Son günlər müxtəlif məktəblərdən və müəllimlərdən bizə daxil olan müraciətlər səbəbilə aşağıdakı məsələni ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik.
“Hədəfim” adlı tədris mərkəzinin və ya “Hədəfim kursları”nın “Hədəf Kursları” ilə heç bir əlaqəsi yoxdur. Bu qurum Hədəf Şirkətlər Qrupunun brendi, strukturu və fəaliyyəti ilə bağlı deyil və bizim təşkilatın heç bir filialı və ya tərəfdaşı hesab edilmir.
Təəssüf ki, son vaxtlar müxtəlif məktəblərdə “Hədəfim” adı ilə keçirilən sınaq imtahanları ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə imtahanların təşkili, nəticələrin açıqlanması və ümumi proseslə bağlı ciddi narazılıqlar qeyd olunur. Lakin həmin fəaliyyətlərin Hədəf Kursları ilə heç bir əlaqəsi yoxdur.
Bu səbəbdən ictimaiyyətə və təhsil ictimaiyyətinə bir daha bildiririk ki:
• “Hədəfim” tədris mərkəzinin fəaliyyəti Hədəf Kurslarına aid deyil;
• həmin qurum tərəfindən keçirilən sınaqlar və digər tədbirlər Hədəf Kurslarının təşkil etdiyi imtahanlar hesab edilə bilməz;
• bu istiqamətdə yaranan problemlər və şikayətlər Hədəf Kurslarının məsuliyyəti altında deyil.
Eyni zamanda, sual doğuran başqa bir məsələ də var:
“Hədəfim” adlı qurum necə olur ki, müxtəlif məktəblərə daxil olaraq direktorlarla əməkdaşlıq qurur və sınaq imtahanları təşkil edir? Bu fəaliyyət üçün onlara bu imkanı kim və hansı qaydada yaradıb?
Ümid edirik ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və təhsil mühitində çaşqınlıq yaradan belə hallara aydınlıq gətiriləcək və qarşısı alınacaq".