Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir baş tutub.

Fev 21, 2024
Hədəf STEAM Liseyində Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir baş tutub.

hedefliseyi.edu.az xəbər verir ki, Hədəf STEAM Liseyi Bakı filialında 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan “Miras” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Ardınca balabilgə və müəllimlərin birgə əməkdaşlığı ilə hazırlanan maraqlı kompozisiyalar təqdim olunub.

Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin dəvət olunduğu tədbirdə Hədəf Şirkətlər Qrupunun idarə heyəti nümayəndələri, millət vəkili, Xalq şairi və yazıçılar iştirak ediblər.

Millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı tədbirin yüksək səviyyədə və ruh yüksəkliyi ilə hazırlandığını xüsusi vurğulayıb və bildirib ki, ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür: “Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb, qurbanlar verib, fədakarlıqlar göstərib. Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan qurtarıb. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir və dövlət səviyyəsində qorunur”. Sabir Rüstəmxanlı sonda dillər əzbəri olan “Sağ ol, ana dili” şeirini söyləyib. Həmçinin “Seçilmiş əsərləri” silsiləsini kitabxanamıza bağışlayıb. Tədbir iştirakçılarına təşəkkür edərək uğurlar arzulayıb.

Yazıçı, şair Rüstəm Behrudi Azərbaycan türkcəsinin qorunması və latın qrafikasına keçid işində Sabir Rüstəmxanlı ilə birgə çalışdıqları “Azərbaycan” qəzetinin rolundan danışıb. Eyni zamanda o, tamaşaçılar üçün “Ata dili” şeirini səsləndirib.

Sonda Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, nasir-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq çıxış edib. “Milli kimliyimiz dilin varlığından keçir”, – deyən Şəmil Sadiq milli dəyərlərə bağlılığın, ana dilini sevib qorumağın vacibliyini, bunun Hədəf konseptinin əsas prioriteti olduğunu vurğulayıb. Təşkilati heyətə, bütün iştirakçılara təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar diləyib.