Hədəf STEAM Liseyində 27 Sentyabr – Anım Günü tədbirləri keçirildi
27 Sentyabr – Anım Günü münasibətilə Hədəf STEAM Liseyinin bütün filiallarında ülvi xatirə tədbirləri keçirildi. “44 günün qəhrəmanları” və “Zəfərin 44 günlük yolu” şüarları ilə təşkil olunan anım mərasimlərində şəhidlərin xatirəsi ehtiramla yad olundu, qazilərin və şəhid ailələrinin iştirakı tədbirlərə xüsusi məna verdi.
Hədəf STEAM Liseyi Nəsimi korpusunda keçirilən “44 günün qəhrəmanları” tədbirində balabilgələrimizin çıxışları qəhrəmanlarımızın yolu və fədakarlığı haqqında dərin hisslər oyatdı. Proqramda şeirlər, səhnəciklər və kompozisiyalar nümayiş olundu. Tədbir müddətində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və balabilgələr birlikdə and içdilər: “Unutmadıq, unutmayacağıq”.
Hədəf STEAM Liseyi Qurtuluş korpusunda “Zəfərin 44 günlük yolu” adlı tədbirdə balabilgələrə Vətən müharibəsinin başlanma səbəbləri, xalqımızın qəhrəmanlıq salnaməsi və tarixi faktlar ətraflı şəkildə çatdırıldı. Korpusun icraçı direktoru çıxış edərək ölkəmizin şanlı Zəfər günü və şəhidlərin fədakarlığı barədə danışdı. Tədbir Vətənimizin qələbəsini əks etdirən videoçarxın nümayişi ilə zənginləşdirildi və “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə yekunlaşdı.
Hədəf STEAM Liseyi Azadlıq korpusunda keçirilən “Azadlıqda Anım Günü” tədbirində məktəb rəhbərliyi, müəllimlər, balabilgələr, şəhid ailələri, Müdafiə Nazirliyinin əməkdaşları, kursantlar və digər qonaqlar iştirak etdilər. Tədbirdə qəhrəman zabitlər – polkovnik-leytenant Elxan İmranov (Şuşa uğrunda döyüşlərdə yaralanıb) və kapitan Sübhan Allahverdiyev (Cəbrayıl istiqamətində yaralanıb) balabilgələrlə görüşərək şəxsi zəfər xatirələrini bölüşdülər. Məramın aparıcılığını şəhidimizin əziz əmanəti Əlizadə Nilay Asiman qızı həyata keçirdi. Bu anım günündə qazilərin igidliyi və şəhidlərimizin müqəddəs xatirəsi dərin ehtiramla yad edildi.
Hədəf STEAM Liseyi Stars Campus-da təşkil olunan “44 günün qəhrəmanları” adlı tədbirdə balabilgələrimizin çıxışları qəhrəmanlarımızın yolu və fədakarlığı haqqında dərin hisslər oyatdı. Proqramda şeirlər, səhnəciklər və kompozisiyalar nümayiş etdirildi. Tədbir müddətində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.