Hədəfi böyük olanların liseyi

Bakıda “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək

Apr 21, 2026
Bakıda “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək

25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək.

Layihə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, layihənin ideya müəllifi Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

“Oxu Günü” layihəsi 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib və bu gün ölkənin ənənəvi kitab bayramlarından birinə çevrilib.

Layihənin əsas məqsədi Azərbaycanda kitab mədəniyyətinin inkişafına töhfə vermək, gənclərin mütaliəyə marağını artırmaq, oxucu ilə müəllif arasında canlı ünsiyyət mühiti yaratmaq və kitabın cəmiyyət həyatındakı rolunu gücləndirməkdir.

Bu il keçiriləcək festivalda 30-dan çox nəşriyyat və kitab mağazasının iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində tanınmış yazıçılar, şairlər, ziyalılar, incəsənət və ictimaiyyət nümayəndələri ilə görüşlər, imza saatları və müxtəlif ədəbi-mədəni proqramlar təşkil olunacaq.

Ziyarətçilər üçün kitabların endirimli satışı da planlaşdırılır.

Qeyd edək ki, hər il 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ölkənin müxtəlif bölgələrində “Oxu Günü” tədbirləri keçirilir. “Oxu Günü–11 Kitab Festivalı” da bu ənənənin davamı olaraq xüsusi əhəmiyyət daşıyır.

Festival bütün kitabsevərləri, şagird və tələbələri, eləcə də geniş ictimaiyyəti açıq platformada bir araya gətirməyi hədəfləyir.

Festival 25 aprel 2026-cı il tarixində saat 10:30-da start götürəcək.

Hədəf MEDİA