Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “Hədəf STARS” kampusunda “Turan Balabilgə Akademiyası”na ilk iştirakçı üzv və bölmə rəhbəri seçilən balabilgələrin valideynləri ilə görüşüb. Görüş qarşılıqlı ünsiyyət və açıq dialoq şəraitində keçirilib, təhsil prosesinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Valideynləri səmimi salamlayan Şəmil Sadiq çıxışında “Turan Balabilgə Akademiyası”nın yaradılması ideyası, əsas fəaliyyət istiqamətləri, hədəf və məqsədləri, eləcə də Hədəf Şirkətlər Qrupunun ardıcıl şəkildə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, valideynlərin, müəllimlərin və balabilgələrin fəal iştirakı ilə artıq beş ildir təşkil olunan “HəmÜrək” xeyriyyə yarmarkası çərçivəsində bu il əldə edilən 10 min manat vəsait “YAŞAT” Fonduna ianə edilib. Qeyd olunub ki, Hədəf liseyi “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində 38 şəhid övladının ödənişsiz, 10 qazi övladının isə 50 faiz güzəştlə təhsil almasına dəstək göstərir və bu istiqamətdə sosial məsuliyyətini ardıcıl şəkildə davam etdirir.
Sosial layihələrdə fəal iştiraklarına və göstərdikləri dəstəyə görə valideynlərə təşəkkürünü bildirən Şəmil Sadiq Hədəf liseylərinin perspektiv inkişaf proqramı haqqında da məlumat verib. O vurğulayıb ki, cari ildə Badamdar qəsəbəsində “Hədəf Beynəlxalq Məktəbi”nin (Cambridge International School) fəaliyyətə başlayacaq və bu təhsil müəssisəsinə 1–9-cu siniflər üzrə fevral ayından etibarən qeydiyyata start veriləcək.
Görüş zamanı, həmçinin bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Hədəf Şirkətlər Qrupu arasında imzalanmış əməkdaşlıq memorandumu, ötən il uğurla keçirilən “Üçüncü Təhsil Menecerləri Forumu” barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, yanvarın 26–27-də keçirilməsi planlaşdırılan “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinə yüksək səviyyədə hazırlıq işlərinin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, bu kimi genişmiqyaslı layihə və tədbirlər Hədəf liseylərində innovativ düşüncəyə malik, peşəkar və vətənpərvər gənc nəslin yetişdirilməsinə xidmət edir.
Görüşün sonunda valideynlər Hədəf liseyləri və Hədəf kurslarında yaradılan müasir tədris mühiti, şagirdlər üçün təqdim olunan sosial imkanlar, eləcə də balabilgələrin qidalanma və təhlükəsizlik şəraiti ilə bağlı məmnunluqlarını ifadə ediblər. Valideynlər təhsil prosesinin keyfiyyətinin davamlı şəkildə artmasını yüksək qiymətləndirib, gələcək fəaliyyətlə bağlı fikir və təkliflərini səsləndiriblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.
Hədəf Media