Tales Riyaziyyat Muzeyinin Hədəf Liseyi ilə əməkdaşlıq görüşü keçirildi.
Tales Riyaziyyat Muzeyinin rəhbər heyətinin ölkəmizə səfəri baş tutub. Muzeyin qurucusu F. Alp Ayaydın, müdiri S.Serkan Üçöz və müdir müavini Mustafa Kayamazdan ibarət nümayəndə heyəti bir sıra təhsil müəssisələrini ziyarət edib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Hədəf Liseyini də ziyarət edib. Görüşdə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq iştirak edib. Qonaqlara liseyin tədris mühiti, həyata keçirilən layihələr və təhsil yanaşmaları barədə ətraflı məlumat verilib.
Bundan əlavə, qonaqlar liseyin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyi ilə də tanış olublar. Muzeydə təqdim olunan interaktiv və elmi-praktik yanaşmalar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Görüş zamanı Tales Riyaziyyat Muzeyi ilə Hədəf Liseyi arasında gələcək əməkdaşlıq perspektivləri, ortaq təhsil layihələri və şagirdlərin elmi biliklərinin inkişafına yönəlmiş təşəbbüslər ətrafında müzakirələr aparılıb. Tərəflər bu cür beynəlxalq əməkdaşlıqların şagirdlər üçün geniş imkanlar yaradacağına dair qarşılıqlı razılıq ifadə ediblər.