Hədəf STEAM Liseyi Bakı filialında “Analar liseydə” layihəsi baş tutdu.
Layihə icraçı-direktor Aytən Hüseynovanın çıxışı, “Ailəmə anonim məktub” adlı məktubların oxunması ilə başladı. Məktublardan xüsusi diqqət çəkənləri valideynlərə təqdim edilərək bərabər müzakirə edildi.
Psixoloq Zərinə Əliyeva və drama müəllimi Cavad Nurun təşkilatçılığı ilə “Yanlışdan doğruya” adlı “psixoloji laboratoriya” səhnələşdirildi. Səhnəciklərdə həyatda çətin və problemli situasiyalara yanaşmadan asılı olaraq hadisələrin gedişatına müsbət və mənfi yöndə necə təsir etmək olar, əyani şəkildə göstərildi.
Hər il olduğu kimi müəyyən sahələrdə uğur qazanmış, öz peşəsinin mütəxəssisləri olan valideynlərimiz digər valideynləri məlumatlandırmaq, onlar arasında sosial aktivliyi yaratmaq məqsədilə seminarlar verdilər. Seminarlar “Spirituallıqda analıq”, “Valideyn-övlad-məktəb çevrəsində ünsiyyətin rolu”, “Ana, yoxsa iş qadını?” mövzularını əhatə etdi.
Maraqlı müzakirələrini furşet və çay masasında davam edən analar anonim məktubların içərisindən öz övladlarının məktubunu tapıb oxumağa çalışdılar, özlərini övladlarının gözü ilə görməyə müvəffəq oldular.
Liseyin ana valideynləri həm məktəb heyəti, həm də öz aralarında fəal ünsiyyət qurmaqla yanaşı, layihənin neyroqrafika, yoqa, meditasiya, voleybol, yaradıcılıq, rəsm kimi sosial fəaliyyətlərində aktiv iştirak etdilər.