Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində “Atalar liseydə” layihəsi baş tutdu.

Okt 29, 2023
Hədəf STEAM Liseyində  “Atalar liseydə” layihəsi baş tutdu.

Hədəf STEAM Liseyinin Bakı filialında Hədəf Konseptinə əsasən keçirilən “Atalar liseydə” layihəsi baş tutdu.

Filialın icraçı direktoru Aytən Hüseynova valideynləri salamladı. O, balabilgələrin atalarına yazdıqları anonim məktublardan xüsusi diqqət çəkən bir neçəsini oxudu. Layihənin valideyndən-valideynə hissəsində liseyin valideynləri Murad Zeynallı “Kibertəhlükəsizlik”, Namiq Bayramlı “Nəsillər və nəsiblər”, Emin Novruzzadə “Yeni nəsil rəqəmsal imza – SİMA”, Elmir İskəndərli “Atacan, dinlə!” adlı mövzularla panellərdə çıxış etdilər.

Daha sonra valideynlər çay-furşet masası ətrafında həm balabilgələrin məktubları ilə tanış oldular, həm də bir sıra sosial fəaliyyətlərdə iştirak etdilər. Hər il olduğu kimi layihə valideynlərin böyük marağına səbəb oldu.

“Atalar liseydə” layihəsi valideyn-lisey əlaqələrinin genişləndirilməsi, valideyn-müəllim, valideyn-valideyn münasibətlərinin səmərəli təşkili, faydalı ünsiyyət mühitinin yaradılması məqsədilə keçirilir.

Layihə çərçivəsində liseyin ata valideynləri üçün nəzərdə tutulan proqramda atalar bir günlük liseyin sosial tədbirlərində, dərnəklərdə, müxtəlif seminarlarda iştirak edir, səmərəli vaxt keçirirlər.

Atalar liseyə dəvət olunan həftə balabilgələr tərəfindən “Atama anonim məktub” adlı məktub yazılır, atalar uşaqlarının gözü ilə özlərini görürlər.